Digər dillərdə oxumaq üçün: English - French - Russian - Arabic - Rumınca - Ermənicə - Belarusian - Gürcücə - Ukraynaca

Bu məxfiliyə dair bəyanatda şəxsi məlumatlarınızın emalı və qorunması ilə əlaqədar məlumatlar verilmişdir.
Məlumatların emalı əməliyyatı: "EU Neighbours" internet səhifəsi
Məlumatlara nəzarət orqanı: Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsi
Qeydin nömrəsi:  [DPR-EC-02019]
MÜNDƏRİCAT
1.    1. Giriş
2.    2. Şəxsi məlumatlarınızı niyə və necə emal edirik?
3.    3. Şəxsi məlumatlarınızı hansı hüquqi əsaslarla emal edirik?
4.    4. Hansı şəxsi məlumatları emal etmək üçün toplayırıq?
5.    5. Şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?
6.    6. Şəxsi məlumatlarınızı necə qoruyur və mühafizə edirik?
7.    7. Şəxsi məlumatlarınıza kimin çıxış imkanı var və onlar kimə açıqlanır?
8.    8. Hansı hüquqlarınız var və onları necə həyata keçirə bilərsiniz?
9.    9. Əlaqə məlumatları
10.    10. Daha ətraflı məlumatı haradan əldə etmək olar?
1. GİRİŞ
Avropa Komissiyası (bundan sonra "Komissiya") şəxsi məlumatlarınızı qorumağı və məxfiliyinizə hörmət etməyi öhdəsinə götürüb. Komissiya, Avropa İttifaqının rəsmi qurumları, orqanları, ofisləri və agentlikləri tərəfindən şəxsi məlumatların emalı ilə əlaqədar olaraq Avropa Parlamenti və Avropa Şurasının 23 oktyabr 2018-ci il tarixli fiziki şəxslərin qorunmasına və belə məlumatların sərbəst yerdəyişməsinə dair (45/2001 saylı (Aİ) Reqlamenti ləğv edən) 2018/1725 saylı (Aİ) Reqlamentə uyğun olaraq şəxsi məlumatları toplayır və emal edir.
Bu məxfiliyə dair bəyanatda şəxsi məlumatlarınızın emalı səbəbi, təqdim olunan bütün şəxsi məlumatların toplanması, idarə olunması və mühafizəsinin təmini yolları, eləcə də həmin məlumatlardan necə istifadə olunduğu və şəxsi məlumatlarınızla bağlı hansı hüquqlarınızın olduğu izah edilir. Burada həmçinin hüquqlarınızı həyata keçirmək üçün əlaqə saxlaya biləcəyiniz və bu işdə məsul olan Məlumatlara nəzarət orqanının, o cümlədən Məlumatların qorunması üzrə baş mütəxəssis və Avropa məlumatlarının qorunması üzrə nəzarətçinin əlaqə məlumatları var.
Aşağıda Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsinin məsul olduğu "EU Neighbours" internet səhifəsində məlumatların emalı əməliyyatı ilə əlaqədar işlərə dair məlumatlar təqdim edilmişdir.
2. ŞƏXSİ MƏLUMATLARINIZI NİYƏ VƏ NECƏ EMAL EDİRİK?
Məlumatların emalı əməliyyatının məqsədi: Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsi tədbirlərə şəxsi dəvətnamələr vasitəsilə və Şərq Tərəfdaşlığı və Yaxın Şərq və Şimali Afrika (MENA) bölgəsində Aİ tərəfindən maliyyələşdirilən proqram və layihələr və Aİ ilə əlaqəli imkanlar barədə bildirişlər və xəbərlərə dair bildirişlər göndərməklə Şərqi və Cənub Qonşuluq ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna; Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin1, Suriya və Tunis) Aİ tərəfindən maliyyələşdirilən layihələr və proqramların əyani şəkildə təqdimatı və təşviqi məqsədilə şəxsi məlumatlarınızı toplayır və istifadə edir.
Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.
Şəxsi məlumatlarınızdan qərarların avtomatlaşdırılmış qaydada qəbulu, eləcə də profilləşdirilmə məqsədləri üçün istifadə edilməyəcək.
3. ŞƏXSİ MƏLUMATLARINIZI HANSI HÜQUQİ ƏSASLARLA EMAL EDİRİK?
Şəxsi məlumatlarınızı ictimai maraqlar naminə yerinə yetirilən vəzifələrin icrası üçün və ya Aİ təşkilatına və ya orqana həvalə edilmiş rəsmi səlahiyyətlərin icrası üçün zəruri olduğu üçün emal edirik (2018/1725 saylı (Aİ) Reqlamentin 5 (a) Maddəsi);
Məlumatların emalı Aİ-nin aşağıdakı qanununa əsaslanır: Avropa İttifaqının yaradılması haqqında ümumi Avropa Müqaviləsinin 11-ci Maddəsi: "Rəsmi qurumlar müvafiq vasitələrlə vətəndaşlar və nümayəndəliklərə İttifaqın fəaliyyətinin bütün sahələrinə dair fikirlərini bəyan etmək və ictimaiyyətə açıq şəkildə mübadilə etmək imkanı yaratmalıdır. Rəsmi qurumlar, nümayəndəliklər və vətəndaş cəmiyyəti ilə açıq, şəffaf və müntəzəm dialoqu qoruyub saxlamalıdır".
Avropa İttifaqının (TEU) yaradılması haqqında Müqavilənin 21-ci (1) Maddəsi: Aİ əməkdaşlığının inkişafı sahəsində ümumi mandat və təlimatlar; Avropa İttifaqının (TFEU) Fəaliyyəti haqqında Müqavilənin 4 (4) Maddəsi və 208-211-ci Maddələri.
Bundan əlavə, Avropa İttifaqının xarici fəaliyyətlərin maliyyələşdirilməsi (OJ L 77, 15.3.2014) üzrə alətlərinin icrasına dair ümumi qaydaları və prosedurları təyin edən Avropa Parlamentinin və Şurasının 11 Mart 2014-cü il tarixli 236/2014 saylı (Aİ) Reqlamentin 4 (5) Maddəsində göstərildiyi kimi məlumatların emalı İttifaqın maliyyə dəstəyinin əyaniliyini təmin etmək məqsədi daşıyan Avropa Komissiyasının öhdəliyinin yerinə yetirilməsi üçün zəruridir.
Məlumat məcburi olaraq qeyd edilmədikdə, DG NEAR məlumatlarınızı sizin razılığınıza əsasən emal edir (2018/1725 saylı (Aİ) Reqlamentin 5 (d) Maddəsi). Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.
Xüsusi kateqoriyalı şəxsi məlumatları emal etmirik (2018/1725 saylı (Aİ) Reqlamentin 10-cu Maddəsi).
4. HANSI ŞƏXSİ MƏLUMATLARI EMAL ETMƏK ÜÇÜN TOPLAYIRIQ?
Məlumatların emalı əməliyyatını həyata keçirmək üçün Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsi aşağıdakı kateqoriyaya aid məlumatları toplayır:
•    Başlıq*,
•    Ad,
•    Soyad,
•    Doğum tarixi*,
•    İxtisas*,
•    Maraqlandıran mövzu,
•    Maraqlandıran ölkə,
•    Bildiriş dili,
•    E-poçt ünvanı,
•    Poçt ünvanı*,
•    Doğulduğu ölkə
* doldurulması məcburi olmayan sahələr
Məlumatlarınız, məlumat subyektlərinin birbaşa məlumatlarını daxil etdiyi xəbərlər haqqında bildirişlərin qeydiyyatı interfeysi vasitəsi ilə toplana bilər.
Məlumat subyektləri onlayn abunə formasını doldurarkən fərdi məlumatların emalına razılıq verirlər. Məlumatlar, müvafiq tədbirlərin iştirakçı siyahıları, mövzu ilə əlaqəli məlumat bazaları və müxtəlif açıq mənbələr daxil olmaqla, digər mənbələrdən də toplana bilər.
5. ŞƏXSİ MƏLUMATLARINIZI NƏ QƏDƏR MÜDDƏT SAXLAYIRIQ?
Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsi şəxsi məlumatlarınızı yalnız həmin məlumatların toplanması və sonradan emalını yerinə yetirmək üçün tələb olunan zaman ərzində saxlayır.
Məlumatlar, məlumat subyektinin qeydə alındığı və DG NEAR-in təşviq siyasətinin bir aləti olaraq internet səhifəsinin fəaliyyət göstərdiyi müddətdə saxlanılır. Maliyyə orqanları tərəfindən tələb olunduğu halda (maliyyə əməliyyatları hallarında 10 il) və ya audit məqsədləri üçün (adətən 7 il) məlumatların bəzi hissələri daha uzun müddət saxlanıla bilər. Məlumatlar müvafiq dövrün sonunda və ya ehtiyac olmadığı təqdirdə avtomatik olaraq silinir. Məlumat, qeydiyyatın ləğvi tələbinin təqdim edildiyi gündən bir ay ərzində anonimləşdiriləcək.
6. ŞƏXSİ MƏLUMATLARINIZI NECƏ QORUYUR VƏ MÜHAFİZƏ EDİRİK?
Elektron formatda olan bütün şəxsi məlumatlar (elektron məktublar, sənədlər, məlumat bazaları, yüklənmiş məlumat paketləri və s.) Avropa Komissiyasının serverlərində, yaxud podratçılarının serverlərində saxlanılır. Məlumatların emalı ilə əlaqədar bütün əməliyyatlar Avropa Komissiyasında rabitə və informasiya sistemlərinin təhlükəsizliyinə dair 10 yanvar 2017-ci il tarixli Komissiyanın (Aİ, Euratom) 2017/46 saylı Qərarına uyğun olaraq həyata keçirilir.
Komissiyanın podratçıları, Komissiya adından məlumatlarınızın hər hansı formada emalı əməliyyatları ilə əlaqədar olaraq spesifik müqavilə müddəalarına və Aİ-yə Üzv Dövlətlərdə Şəxsi Məlumatların Qorunmasına dair Ümumi Reqlamentin ("GDPR"  2016/679 saylı (Aİ) Reqlament.] köçürülməsindən irəli gələn məxfilik tələblərinə əməl etməyi öhdələrinə götürürlər.
Şəxsi məlumatlarınızı qorumaq üçün Komissiya bir sıra texniki və təşkilati tədbirlərdən istifadə edir. Texniki tədbirlərə onlayn təhlükəsizliyi təmin etmək, şəxsi məlumatların emalı və emal edilən məlumatların mənşəyi ilə əlaqədar risk nəzərə alınmaqla məlumatların itirilməsi, dəyişdirilməsi və ya məlumatlara icazəsiz giriş riskini aradan qaldırmaq üçün müvafiq tədbirlər daxildir. Təşkilati tədbirlərə, şəxsi məlumatların emalı əməliyyatı məqsədilə həmin məlumatları bilmək üçün qanuni tələbata malik səlahiyyətli şəxslərdən başqaları üçün şəxsi məlumatlara girişin məhdudlaşdırılması daxildir.
Toplanmış şəxsi məlumatlar və bütün əlaqəli məlumatlar internet səhifəsinin fəaliyyəti və xidməti zamanı operatorların serverlərində saxlanılır.
Elektron formatda olan şəxsi məlumatlar: şəxsi məlumatlarınıza, o cümlədən internet səhifəsində toplanmış hər hansı digər məlumatlara giriş yalnız məhdud sayda istifadəçinin əldə etdiyi parol ilə identifikasiya sistemi vasitəsilə təmin edilir və bu məlumatların daha sonra Aİ qanunvericiliyinə uyğun olaraq Komissiyanın fəaliyyətinə nəzarətə və təftişə görə məsul olan orqanlara ötürülməsinə imkan verilmir. Bu istifadəçilərə DG NEAR-in bölmələri, o cümlədən rəsmi qaydada müqavilə imzalanmış xarici şirkətlər daxildir.
7. ŞƏXSİ MƏLUMATLARINIZA KİMİN GİRİŞ İMKANI VAR VƏ ONLAR KİMƏ AÇIQLANIR?
Şəxsi məlumatların emalı əməliyyatını həyata keçirməyə cavabdeh olan Komissiyanın heyətinə və "rəsmi ehtiyac" prinsipinə uyğun olaraq səlahiyyətli heyətə şəxsi məlumatlara giriş imkanı verilir. Bu cür heyət qanuni və zəruri hallarda əlavə məxfilik müqavilələrinə tabedir.
Məlumatlara nəzarət orqanı və onun operatorlarının şəxsi məlumatlarınıza giriş imkanı var. Operatorlar qismində aşağıdakılar ola bilər:
•    Toplanmış şəxsi məlumatları idarə edən və istifadəçilərin məmnunluq səviyyəsini araşdıran xüsusi sorğuları həyata keçirən rabitə xidmətlərinə məsul olan DG NEAR Podratçısının heyəti;
•    DG NEAR-in internet səhifəsi (www.euneighbours.eu) üçün internet xidmətləri təmin edən DG NEAR-in podratçılarının əməkdaşları (məsələn, internet səhifəsinin dizaynı, bulud xidmətləri daxil olmaqla, internet səhifəsinin vebhostinqi və s.).
DG NEAR-in podratçıları, məlumat subyektlərinə xəbərlərə dair bildirişlər göndərmək üçün Mandrill xəbər bülleteni platformasından istifadə edirlər. Mandrill "GDPR" tələblərinə cavab verməyi öhdəsinə götürür və məlumatları 30 gün ərzində serverlərində saxlamaq siyasətinə əməl edir.
Aİ-nin rəsmi qurumlarına (Komissiya daxil olmaqla, Aİ-nin üçüncü ölkələrdəki nümayəndəlikləri və s.) "rəsmi ehtiyac" əsasında məlumatlara sonrakı giriş imkanı verilə bilər.
Şəxsi məlumatlar adı çəkilən bu qəbuledənlərin dairəsinə və sözügedən qanunvericilik bazasına daxil olmayan tərəflərə ötürülmür. Məlumatlar yalnız bu məxfilik bəyanatında göstərilən xüsusi məqsədlər üçün toplanır və sonradan emal edilir və hər hansı digər məqsədlər üçün istifadə edilməməlidir.
Bütün qəbuledənlərə məlumatlar ötürülərkən nəzərdə tutulan məqsəddən başqa digər məqsədlər üçün istifadə etməmələri barədə xatırlatmaq tələb olunur.
8. HANSI HÜQUQLARINIZ VAR VƏ ONLARI NECƏ HƏYATA KEÇİRƏ BİLƏRSİNİZ?
"Məlumat subyekti" kimi 2018/1725 saylı (Aİ) Reqlamentin III fəslinə (14-25-ci Maddələr) uyğun olaraq spesifik hüquqlarınız, xüsusən şəxsi məlumatlarınız yanlış və ya natamam olduqda şəxsi məlumatlarınıza daxil olmaq və onlara düzəliş etmək hüququnuz var. Mümkün olduğu hallarda, şəxsi məlumatlarınızı silmək, şəxsi məlumatlarınızın emalını məhdudlaşdırmaq, məlumatların emalına etiraz etmək və məlumatların yığcamlığına dair hüququnuz var.
Xüsusi vəziyyətiniz ilə əlaqədar 5 (a) Maddəsinə əsasən qanuni şəkildə həyata keçirilən şəxsi məlumatlarınızın emalına etiraz etmək hüququnuz var.
Mövcud emal əməliyyatı üçün şəxsi məlumatlarınızı Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsinə verməyə razılıq vermisiniz. Məlumatlara nəzarət orqanını xəbərdar etməklə istədiyiniz zaman razılığınızı ləğv edə bilərsiniz. Razılığın ləğvi, razılığın ləğvindən əvvəl həyata keçirilən emal prosesinin qanuniliyinə təsir göstərmir.
Məlumatlara nəzarət orqanı, habelə mübahisə hallarında Məlumatların qorunması üzrə baş mütəxəssis ilə əlaqə quraraq hüquqlarınızdan istifadə edə bilərsiniz. Lazım gələrsə, Avropa məlumatlarının qorunması üzrə nəzarətçi ilə də əlaqə saxlaya bilərsiniz. Onların əlaqə məlumatları aşağıda 9-cu Başlığın altında verilmişdir.
Hüquqlarınızı bir və ya daha çox xüsusi məlumat emalı əməliyyatı məzmununda həyata keçirmək istəyirsinizsə, müraciətinizdə onları təsvir edin (yəni aşağıda 10-cu Başlığın altında təsvir olunduğu kimi qeyd nömrələri).
9. ƏLAQƏ MƏLUMATLARI
•    Məlumatlara nəzarət orqanı
2018/1725 saylı (Aİ) Reqlamentə uyğun olaraq hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, yaxud şərhləriniz, suallarınız və ya narahatlıqlarınız varsa və ya şəxsi məlumatlarınızın toplanması və ya istifadəsi ilə bağlı şikayət göndərmək istəyirsinizsə, bu məqsəd üçün nəzərdə tutulmuş elektron poçt ünvanı (NEAR-A2@ec.europa.eu) vasitəsilə Məlumatlara nəzarət orqanı, Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / NEAR.A2 idarələrarası əlaqələr və rabitə bölməsi ilə əlaqə saxlayın.
•    Komissiyanın Məlumatların qorunması üzrə baş mütəxəssisi (DPO)
2018/1725 saylı (Aİ) Reqlamentə uyğun olaraq şəxsi məlumatlarınızın emalına dair məsələlər ilə bağlı Məlumatların qorunması üzrə baş mütəxəssis (DATA-PROTECTION-OFFICER@ec.europa.eu) ilə əlaqə saxlaya bilərsiniz.
•    Avropa məlumatlarının qorunması üzrə nəzarətçi (EDPS)
Şəxsi məlumatlarınızın Məlumatlara nəzarət orqanı tərəfindən emalı nəticəsində 2018/1725 saylı (Aİ) Reqlamentə uyğun olaraq hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, Avropa məlumatlarının qorunması üzrə nəzarətçiyə (edps@edps.europa.eu) müraciət etmək (yəni şikayət göndərmək) hüququnuz var.
10. DAHA ƏTRAFLI MƏLUMATI HARADAN ƏLDƏ ETMƏK OLAR?
Məlumatların qorunması üzrə baş mütəxəssis (DPO) Komissiya tərəfindən sənədləşdirilmiş və ona bildirilmiş şəxsi məlumatların bütün emalı əməliyyatları haqqında qeydləri reyestrdə dərc edir. Aşağıdakı link vasitəsilə reyestrə daxil ola bilərsiniz: http://ec.europa.eu/dpo-register.
Bu xüsusi emal əməliyyatı DPO-nun ictimaiyyətə açıq reyestrinə aşağıdakı qeyd nömrəsi ilə daxil edilmişdir: DPR-EC-02019.
 
________________________________________
1 Bu istinad, bu məsələdə Üzv Dövlətlərin fərdi mövqelərinə xələl gətirmədən Fələstin Dövlətinin tanınması kimi təfsir edilməməlidir.