Avropa İttifaqı 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb 

18-06-2021
Photo: European Union
Photo: European Union

Avropa İttifaqı saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad olunmasını və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim olunmasını alqışlayır. Bunu iyunun 13-də Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel öz açıqlamasında bildirib. Tərəflərin bu addımına Gürcüstan da vasitəçilik edib.

"Bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. Aİ ümid edir ki, bu addımlar tərəflər arasında gələcək əməkdaşlığa və mülki insanlar arasında daha artıq itkinin qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrinin verilməsinə yol açacaq", - deyə Borrel bildirib. 

Aİ-nin ali nümayəndəsi həmçinin Avropa İttifaqı və digər beynəlxalq iştirakçıların bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq etdiyini xatırladıb. "Bu məsələdə iştirak edən ölkələr arasında daha sıx əməkdaşlığa çağırırıq”. 

Bəyanata əsasən, Avropa İttifaqı sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək, münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək. Avropa İttifaqı, həmçinin Ermənistan və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqları bərpa etməyə çağırır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama