Aİ Azərbaycanlı vəkillərin fəaliyyətinin bərpasını alqışlayıb

14-05-2021
Photo: European Union
Photo: European Union

Mayın 8-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən insan hüquqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın vəzifələrinə bərpa olunması barədə qərarını alqışlayıb. 

Səfir Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşündə yaxın gələcəkdə vəkillik fəaliyyətinə xitam verilən və fəaliyyəti dayandırılan digər vəkillərin də işlərinə baxılacağına ümid etdiyini bildirib. Cənab Yankauskas eyni zamanda insan hüquqları üzrə vəkillərin qanunun aliliyinin və demokratik dəyərlərin qorunmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Görüş 26 və 27 aprel tarixlərində baş tutan Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt komitəsinin 9-cu iclasını yekunlaşdırıb. İclasın keçirilməsində məqsəd 2020-ci ilin mart ayında keçirilən son görüşdən sonra ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində baş verən son irəliləyişləri nəzərdən keçirmək və cari islahatlar, islahatların icrası və gələcək planlar, o cümlədən bu sahələrdə Aİ-nin göstərə biləcəyi yardım və əməkdaşlığa dair müzakirələr aparmaq olub. 

Postmüharibə dövründə Aİ hərtərəfli və obyektiv şəkildə araşdırılması tələb olunan istənilən beynəlxalq humanitar qanun pozuntusu üçün məsuliyyətin vacibliyini vurğulayıb. Məcburi köçkünlərin qayıtması Azərbaycan üçün prioritet məsələ olaraq qalır və bu baxımdan, torpaqların təcili olaraq minalardan təmizlənməsinə ehtiyac vardır, çünki bu, insanların münaqişəyə məruz qalmış ərazilərə təhlükəsiz şəkildə dönüşü üçün əsas şərtdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama