Gənc Avropa Səfiri Azərbaycanda

13-02-2021
Gənc Avropa Səfiri Azərbaycanda
1. Mən Gənc Avropa Səfirləri haqqında eşitmişəm, amma onların kim olduğunu və nə etdiklərini bilmirəm

Gənc Avropa səfirləri, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Birləşmiş Krallıq və Aİ üzv dövlətlərində 16-26 yaş arası fəal gəncləri birləşdirən aktiv Avropa şəbəkəsidir.

YEAs

Onlar Aİ-nin regiondakı əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, gənclər siyasətinin formalaşdırılmasına kömək etmək və daha yaxşı gələcək üçün birgə işləyirlər.  Təşəbbüsü 2016-cı ilin iyun ayından etibarən Aİ-nin Açıq Qonşuluq proqramı çərçivəsində “Aİ-nin Şərq Qonşuları” layihəsinin bir hissəsi kimi icra olunmağa başlayıb.

2021-ci ildə altı Şərq Tərəfdaşlığı ölkəsində, 27 Aİ üzv ölkəsində və Birləşmiş Krallıqda 30-dan artıq müxtəlif milliyyətdən olan yüzlərlə Gənc Avropa Səfiri  fəaliyyət göstərir.

Tələbələr, gənc mütəxəssislər və liderlərdən ibarət olan Gənc Avropa S əfirləri müxtəlif ölkələrdə və onlayn qaydada yüzlərlə fəaliyyətə cəlb olunaraq könüllü fəaliyyət göstərirlər. Onlarla tanış olmaq üçün buraya klikləyin.

YEAs təşəbbüsü şəbəkə üzvlərinə könüllülük, karyerada irəliləyiş və gənclər üçün liderlik imkanları təklif edir. Onlar aşağıdakı fəaliyyətlərə cəlb olunur və öz töhfələrini verirlər:

  • Avropa gənclər forumları, Şərq Tərəfdaşlığı konfransları, Aİ-də  təhsil səfərləri və regionda və Aİ üzv ölkələrində seminarlar kimi Aİ tərəfindən təşkil olunan tədbirlər.

  • Aİ rəsmiləri, diplomatlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və şirkətlər daxil olmaqla, müntəzəm şəkildə Aİ-nin əsas mövzuları ilə məşğul olan mütəxəssislərdən həmin mövzular haqqında öyrənmək üçün ekspert təlimləri.

  • Gənc Avropa Səfirlərinin bilik və təcrübələrini həmyaşıdları ilə bölüşmələri üçün onların təşəbbüs çərçivəsində təlimçi, mentor və ya məsləhətçi olmağına imkan verən daxili təlimlər.

  • İcma tədbirləri və internet vasitəsilə fəal cəlb olunma: söhbətlər, seminarlar, ideyatonlar, viktorinalar, görüşlər, məktəb ziyarətləri, sərgilər, Avropa Günləri və ya İnstaqramda canlı debatlar, onlayn püşkatmalar, sosial media kampaniyaları, video bloqlar, oxşar tədbirlər və daha çoxu.

2. Gənc Avropa Səfiri olsam nə əldə edirəm?

Gənc Avropa Səfiri olaraq həmfikir gənclərlə görüşmək və şəxsi bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz. Ölkənizdən və digər ölkələrdən olan və sizinlə eyni fikir və maraqları bölüşən gənclərlə tanış olacaqsınız. Ölkə boyunca səyahət edərək başqa insanlarla Avropa İttifaqı, onun ölkənizlə tərəfdaşlığı və təklif etdiyi imkanlar haqqında müzakirələr aparacaqsınız. Bütün bunların köməyilə komanda işlərinizi, eləcə də problemlərin həlli, liderlik və başqa bacarıqlarınızı təkmilləşdirəcəksiniz. Bunlar sizin gələcək karyeranızda mühüm əhəmiyyət kəsb edən bacarıqlardır!

Öz icmanızda fəal olmaqla dostlarınız, ailəniz və ətrafınıza hansı cəmiyyətdə yaşamaq istədiyinizi göstərmək şansı əldə edəcəksiniz. Ətrafınızdakı insanların hüquq və imkanlarını artıra və onların həyatına təsir göstərə biləcəksiniz!

Nəhayət və ən əsası, Gənc Avropa Səfiri olmaqla özünüzə yeni dostlar tapacaq, bilik və təcrübələrinizi bölüşəcək və ya sadəcə özünüzü və sizi əhatə edən dünyanı kəşf edəcəksiniz! 

3. Gənc Avropa Səfiri kimi çalışsam məvacib ala biləcəyəm?

"Gənc Avropa Səfirləri" təşəbbüsü könüllü fəaliyyətdir və buna görə məvacib ödənilmir. 

Gənc Avropa Səfirlərinin təşkil etdiyi tədbirlər "Aİ-NİN ŞƏRQ QONŞULARI" layihəsi tərəfindən maliyyələşdirilir. Buraya interaktiv seminarlar keçmək üçün məktəb və universitetlərə səfərlərin təşkili, ağac əkmək kimi ətraf mühit ilə bağlı fəaliyyətlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak və digər fəaliyyətlər daxildir. 

4. Mən Gənc Avropa Səfiri olmaq istəyirəm. Necə müraciət etməliyəm?

Aşağıdakı tələblərə uyğun şəxslər müraciət edə bilərlər:

  • Hər hansı Aİ üzv dövlətinin, Birləşmiş Krallıq və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən birinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaşı olmaq

  • 16-26 yaş arasında olmaq

  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı

  • Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığında maraqlı olmaq

  • İctimai diplomatiya və ideyaların təbliği istiqamətində fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmaq

  • Öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmaq

  • Könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmaq.

Seçim meyarları və tez-tez verilən suallar barədə buradan oxuya bilərsiniz.

Müraciət etmək üçün, burada QISA FORMANI DOLDURMAQLA marağınızı ifadə edin.

Müraciətiniz qəbul edildikdən sonra ölkə kordinatoru sizinlə əlaqə saxlayacaq və növbəti addımlar barədə məlumat verəcək.

Ümumiyyətlə, müraciət prosesi sadədir və maraqlarınızı ifadə etməkdən, YEAs fəaliyyətində fəal iştirakdan, YEAs namizədlərinin təqdim etmə sessiyasından, qısa sorğuda iştirak etməkdən, ərizə paketini doldurmaqdan və ölkə kordinatoru ilə əlaqə qurmaqdan ibarətdir.

Yeni namizədlər ildə dörd dəfə, hər rübün sonunda qəbul edilir, lakin siz namizəd olduğunuz müddətdə də artıq YEAs fəaliyyətlərinə qoşula bilərsiniz.

5. Gənc Avropa səfirləri necə seçilir?

Gənc Avropa Səfiri olmaq üçün müəyyən bir prosesə qoşulmaq lazımdır. İlk növbədə Gənc Avropa Səfiri olmaq üçün marağınızı bildirməlisiniz. Tezliklə ölkəniz üzrə kordinator sizinlə əlaqə saxlayacaqlar. Daha sonra YEAs fəaliyyətində fəal olmalı, YEAs namizədlərinin təqdim etmə sessiyasında, qısa sorğuda, ərizə paketini doldurulmasında iştirak etməli və ölkə kordinatoru ilə əlaqə qurulmalıdır. Son mərhələ namizədlik mərhələsidir. Bu mərhələdə ”Aİ-nin Şərq Qonşuluğu” layihəsinin qiymətləndirməsi ilə yanaşı, Aİ-nin ölkənizdəki Nümayəndəliyi və Avropa Komissiyası tərəfindən nəzərdən keçiriləcək və təsdiqlənəcəkdir. Proses müəyyən qədər vaxt tələb edə bilər, amma səsləndiyindən daha asandır!

YEAs üçün yeni namizədlər hər rübün sonunda ildə dörd dəfə təsdiqlənəcəklər. Şəxsi müraciət prosesinizin uzunluğu irəliləyişlərinizdən, eləcə də müraciət etdiyiniz dövrdən asılıdır. Bu bir aydan maksimum üç aya qədər davam edə bilər. 

6. Azərbaycanda neçə Gənc Avropa Səfiri var? Bu vaxta qədər onlar hansı işləri görüblər?

Azərbaycanda 83 Gənc Avropa Səfiri var. Onlarla tanış olmaq üçün buraya klikləyin!

Bu günə qədər Azərbaycanlı Gənc Avropa Səfirləri 50-dən artıq vətəndaş cəmiyyəti fəaliyyətləri təşkil edib və ya həmin fəaliyyətlərdə iştirak ediblər. Məsələn, Azərbaycanlı Gənc Avropa Səfirləri Aİ-nin gənclər üçün maliyyələşdirdiyi imkanlara dair 20-dən çox ictimai məlumat sessiyası keçiriblər və minlərlə azərbaycanlının Erasmus+ və Aİ-nin könüllülük proqramlarından faydalanmasına kömək ediblər. Onlar həmçinin müəllimlər üçün şagirdlərin “Bullying”-dən qorunması mövzusunda seminarlar təşkil edib, inklüziv cəmiyyət haqqında Avropa təcrübələrini bölüşüb və ətraf mühit problemlərinin həll edilmə yollarını təbliğ ediblər.

Digər fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Aİ və onun gənclərə yaratdığı imkanlar haqqında məktəblərə və universitetlərə səfərlər.

  • Ətraf mühit ilə bağlı fəaliyyətlər.

  • Beynəlxalq və ictimai diplomatiya ilə bağlı tədbirlər.

  • Sosial məsələlər.

Onların FƏALİYYƏTİNƏ buradan nəzər sala bilərsiniz.

7. Mən Gənc Avropa Səfiri ola bilmərəm, amma onların fəaliyyətlərində iştirak edə bilərəm?

BƏLİ! Gənc Avropa Səfiri olmasanız belə, YEAs tərəfindən təşkil olunan tədbirlərdə iştirak edə bilərsiniz. Belə tədbirlərə marağınız var? Cavabınız müsbətdirsə, aşağıdakı vasitələr ilə yenilikləri qaçırmayın: 

  • EU NEIGHBOURS east rəsmi Facebook İnstagram səhifələrini bəyənin və izləyin – biz ölkənizdəki Gənc Avropa Səfirləri ilə əlaqə yaratmaq üçün yeni yollar haqqında mütəmadi olaraq məlumat paylaşırıq!

  • Facebook-da "Gənc Avropa Qonşuluğu" şəbəkəsinə qoşulun  – Gənc Avropa Səfirləri haqqında xəbərləri qaçırmayın və istənilən müsabiqə və yarışmalarda iştirak edin!